Ağdaş Peşə Məktəbində "Zəfər Günü" və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi
06.11.2025-ci il tarixində Ağdaş Peşə Məktəbində 8 Noyabr - "Zəfər Günü" münasibətilə zəfərimizin 5 illiyi xüsusi təntənə ilə qeyd olundu.
Tədbirdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş şəhidlərimizin valideynləri, yaxınları, qazilərimiz, "Peşə təhsili və insan kapitalı" jurnalının əməkdaşı yazıçı - publisist Pərvanə Mehmanlı, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səbuhi Musayev, YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov iştirak edirdilər.
Tədbir ilk olaraq Azərbaycan Dövlət Himninin səslənməsi, şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
"Peşə təhsili və insan kapitalı" jurnalının rəhbəri Şahbaz Balakişiyev və redaksiyanın əməkdaşlarının təşəbbüsü ilə ərsəyə gələn Peşə təhsili müəssisələrinin şəhid məzunlarına həsr olunmuş "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi. Ağdaş Peşə Məktəbinin şəhid məzunu Əliyev Cəlil Qüdrət oğlunun ruhu və bütün şəhidlərimizin əziz xatirəsi anıldı.
Tədbirdə Ağdaş Peşə Məktəbinin direktoru Elmira Qafarova çıxış edərək zəfərimizin qazanılmasında öz canından keçmiş şəhidlərimizdən danışdı. Şəhid valideynləri qarşısında öz minnətdarlıq və ehtiramını bildirdi.
Şəhid valideynlərinin çıxışları çox hörmətlə qarşılandı.
Ağdaş Peşə Məktəbinin tələbələrinin şəhidlərimizə həsr olunmuş ifaları dinlənildi.